BANK

06 Dekabr

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib - FOTO

Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərindən irəli gələn çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlərin cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Pul və maliyyə sabitliyi siyasətinin, maliyyə sistemində aparılan islahatların geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.

Fins.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən bu məqsədlə media nümayəndələri üçün müxtəlif mövzularında təlimlər keçirilir, tədbirlər təşkil olunur. Bu xüsusda Mərkəzi Bankın sədri Taleh Kazımovun media mənsubları ilə müntəzəm görüşləri keçirilir, burada jurnalistləri maraqlandıran məsələlər müzakirə olunur.

Bu prosesin davamı olaraq 5 dekabr 2023-cü il tarixində media nümayəndələri üçün növbəti təlim təşkil olunmuşdur. Təlimdə “Ödəniş sistemləri və Ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanunu” və “Gəlirlilik əyrisi” mövzularında təqdimatlar keçirilmişdir. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Təlimdən sonra iştirakçıların sədr Taleh Kazımovla görüşü keçirilib. Görüşdə jurnalistləri maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.

Fuad Mədətov
Fins.az