Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təşkil etdiyi “Rəqəmsal Zirvələr 2023” beynəlxalq konfransına start verilib. 6-7 dekabr tarixlərində "Hədəfi zirvə olanın fokusu bizdədir" devizi altında keçirilən və böyük marağa səbəb olan tədbir texnologiyalar aləminin ən yaxşı beynəlxalq təcrübələrini Azərbaycan bazarında tətbiq etmək üçün geniş imkanlar yaradır.
Bankdan Fins.az-a verilən məlumata görə, builki “Rəqəmsal Zirvələr” beynəlxalq konfransınıa bir çox aparıcı məhsul sahibləri, dizaynerlər, data və İT ekspertlər, beynəlxalq mütəxəssislər və 600-dan çox iştirakçı qatılıb. “DevOps”, “Product Hunt”, data və dizayn istiqamətlərini əhatə edən konfransda iştirak edən mütəxəssislər cəmiyyətdə texnoloji, innovativ və kreativ sahələrin inkişafına yönəlmiş praktiki tövsiyələrini, bilik və təcrübələrini paylaşır, həmçinin fikir mübadiləsi aparırlar. Tədbir çərçivəsində müxtəlif aktual mövzular üzrə panel diskussiyaları və sual-cavab sessiyaları keçirilir.
Bu ilin “Rəqəmsal Zirvələr” konfransında öz çıxışı ilə “Google”, “Mastercard Canada”, “Monzo”, “Shift” və bu kimi digər texnoloji nəhəng korporasiyaların, rəqəmsal bankların və platformaların təmsilçiləri spiker qismində çıxış edirlər.
Konfrans hibrid formatda keçirilir və tədbiri canlı olaraq “YouTube” sosial şəbəkəsi üzərindən izləmək mümkündür:
- Rəqəmsal Zirvələr 2023 | DevOps
- Rəqəmsal Zirvələr 2023 | Data
- Rəqəmsal Zirvələr 2023 | Dizayn
- Rəqəmsal Zirvələr 2023 | Product Hunt
Qeyd edək ki, “Rəqəmsal Zirvələr” beynəlxalq konfransı “PAŞA Bank” tərəfindən 2021-ci ildən etibarən keçirilir. Bank maliyyə texnologiyaları sahəsində aktual çağırışları müəyyən etmək, ən son yenilikləri və qabaqcıl təcrübələri mənimsəmək, İT və rəqəmsal bankçılıq sahəsindəki yenilikləri Azərbaycanda daha əlçatan etmək üçün silsilə tədbirlərin keçirilməsini davam etmək niyyətindədir.