Azərbaycanda pul bazarı 2022-ci illə müqayisədə iki dəfə böyüyüb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Qazaxıstan maliyyəçilərinin XI konqresi" çərçivəsində "Mövcud şəraitdə pul-kredit siyasəti" plenar iclasında deyib.
T.Kazımovun sözlərinə görə, qeyd olunan dövrdə maliyyə sektorunda banklararası bazar yox idi, elə də dərin olmayan valyutalararası bazar mövcud idi, bank sektorunda böyük likvidlik var idi və 80 faizi 2-3 sistem əhəmiyyətli banklarda cəmləşmişdi ki, bununla da faiz kanalı zəif idi, istehlak kreditləri artmışdı:
"Azərbaycan Mərkəzi Bankı bazarla əlaqələri əsaslı şəkildə dəyişməyə müvəffəq oldu. Neft və inflyasiya üzrə rüblük proqnozlar verməyə başladıq. Həmçinin, 2022-ci ilin iyul ayında istehlak kreditləri üzrə müəyyən məhdudiyyətlər tətbiq olunmağa başladı ki, bu da kreditlərdəki artımın aylıq 2,8 faizdən 1,6 faizədək düşməsinə səbəb oldu. Məqsədimiz banklararası bazar yaratmaq idi. Nəticədə ölkədə pul bazarını 2 dəfə böyütmək mümkün oldu".
O, qeyd edib ki, Azərbaycanda inflyasiya 2022-ci ilin aprel ayında 13 faizə, oktyabr ayında isə ən yüksək həddə - 15,6 faizə çatıb:
"Bu ilin oktyabr ayında isə illik inflyasiya 3,9 faiz olub. Ticari tərəfdaşlarımızın aprel ayında inflyasiyası təqribən 20 faiz olub, ötən ilin oktyabr ayında isə bu göstərici 22,3 faizə çatmışdı. Hazırda bu göstərici 10,1 diapazonundadır. Təhlillərimiz Azərbaycanda inflyasiyanın ən azı 70 faizinin idxal olunduğunu göstərir".
Mərkəzi Bankın sədri bu gün ölkədə inflyasiyanın əsasən nominal təsirli uçot dərəcəsinin möhkəmlənməsi ilə əlaqədar olaraq, ən yüksək həddindən, yəni 15,6 faizdən 3,9 faizədək düşdüyünü (2023-cü ildə 21,6 faiz möhkəmlənib) vurğulayıb.
Fuad Mədətov
Fins.az