BANK

14 Noyabr

Azərbaycanda bəzi bankların öhdəlikləri illik müqayisədə azalıb

Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 9-nun bu il oktyabrın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Fins.az xəbər verir ki, bunlar, “Azər-Türk Bank”, “Turan Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Azərbaycan Beynəlxalq Bankı”, “Naxçıvan Bank”, “Premium Bank” və “Muğan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır.

Ən çox azalma İran bankında (27,4%), ən az azalma isə “Azər-Türk Bank”da (0,1%) qeydə alınıb.

Qalan 15 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (80,1%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan” ASC-də (0,6%) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib.

Fuad Mədətov
Fins.az