Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 4-nün bu il oktyabrın 1-nə öhdəlikləri 2 milyard manatdan çox olub.
Fins.az xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (9 724,137 milyon manat), “Kapital Bank” (7 605,497 milyon manat), “PAŞA Bank” (7 461,758 milyon manat) və “Xalq Bank” (2 483,128 milyon manat) ASC-lərdir.
Qalan 20 bankdan 3-də öhdəliklər 1 milyard manatdan 2 milyard manata qədər, 16 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 1 bankda isə 100 milyon manatdan azdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib.
Fuad Mədətov
Fins.az