BANK

31 Oktyabr

Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası dekabrın 1-dən qüvvəyə minəcək

Azərbaycan Mərkəzi Bankı banklara likvidlik əmsalının tətbiqi ilə bağlı 18-24 ay müddət verib.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank tərəfindən yeni təsdiq edilən “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda bildirilib.

Qaydada bankda likvidlik mövqeyi proqnozlaşdırılmasının təkmilləşdirilməsi çərçivəsində Bazel III standartlarında təqdim olunan bank müştərilərinin davranışı ilə əlaqədar tarixi məlumatlara əsaslanan məcmu və xarici valyutada ayrılıqda Likvidliyin örtülmə əmsalı (LCR) əmsalı normativi gətirilib. Əmsalın məqsədi bank öz fəaliyyətinin fasiləsiz davam etdirilməsi, o cümlədən öhdəliklərin tam həcmdə və vaxtında icra edilməsi məqsədilə qısa müddətli dövrdə (30 gün) stress şəraitində likvidlik üzrə dayanıqlığın təmin edilməsidir.

Qaydada əmsalın həm xarici valyuta üzrə, həm də məcmu şəkildə tətbiqi nəzərdə tutulub. Qaydanın qüvvəyə mindiyi tarixdə LCR əmsalı məcmu və xarici valyutada ayrılıqda 100% və bundan çox olan banklar əmsalın həmin həddən aşağı düşməməsini təmin etməlidir.

"LCR əmsalı 100%-dən aşağı olan bankların likvidlik mövqeyinə kəskin təzyiq yaratmamaq məqsədilə əmsal 18-24 ay müddətində mərhələli şəkildə tətbiq ediləcək. Əmsal sistem əhəmiyyətli banklar tərəfindən Qaydanın qüvvəyə mindiyi gündən 18 ay ərzində, digər banklar tərəfindən isə 24 ay ərzində 100%-ə çatdırılmalıdır. LCR əmsalı 100% həcmində saxlanılanadək tərkibi təkmilləşdirilmiş mövcud ani likvidlik əmsalının tətbiqi davam etdiriləcək" - AMB-nin açıqlamasında qeyd edilib.

Fuad Mədətov
Fins.az