BANK

13 Oktyabr

Ziraat Bank Azərbaycanın aktivləri 63% artıb

Ziraat Bank Azərbaycan 2023-cü ilin üçüncü rübünün nəticələrinə dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb. Hesabata əsasən bank ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 63% artaraq 712 mln manata çatmışdır.  

Fins.az dərc edilmiş hesabatlara istinadən xəbər verir ki, bank müştərilərin etimadını qazanmağa davam edib. Fiziki və hüquqi şəxslərin müddətli əmanətlərinin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artaraq 207 mln manata çatmışdır. Bankın kredit portfelində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3%  artım müşahidə edilib.

Bankın qazandığı nailiyyətlərdən biri də qeyri-faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8 % artaraq 11 mln manata çatıb. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 47 % təşkil edib.

Maliyyə hesabatına əsasən,  bank 2023-cü ilin əvvəlindən 6.4 mln manat xalis mənfəət əldə etmişdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.