08 Sentyabr

SİMA İmzayla 90 qurum tərəfdaşlıq edir

Son dövlərdə SİMA İmzaya daha çox dövlət və özəl qurumun elektron xidmətlərinin inteqrasiya edilməsi bu texnoloji vasitənin tətbiq dairəsinin genişlənməsinə səbəb olub. Əvvəllər daha çox vətəndaşların şəxsi məlumatlarından istidafə zamanı SİMA İmzadan istifadə edilirdisə, indi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də SİMA İmzanın imkanlarından faydalanır.

 

Sfera.az xəbər verir ki, fərdi sahibkarlar SİMA İmza vasitəsilə new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə təqdim edə bilərlər.

 

Eləcə də vergilərlə bağlı rüblük hesabataların verilməsində, VÖEN-lərin açılmasında SİMA İmzadan istifadə mümkündür.

 

Bu il SİMA İmza Vergi portalının fərdi sahibkar xidmətlərinə tam inteqrasiya edilib.

 

Bununla da SİMA İmzanın Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsində (new.e-taxes.gov.az) təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyası tamamlanıb.

 

İnteqrasiya nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA İmza ilə təqdim edə bilirlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq SİMA İmza ilə mümkündür. Yeni inteqrasiyaların tamamlanması ilə artıq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA İmza ilə həyata keçirə bilərlər.

 

Fərdi sahibkarların SİMA İmzadan istifadəsi zamanı abunə haqqı ödəməsi tələb ediləcək. Son 6 ayda keçirilən kampaniya ilə əlaqədar abunə haqqına güzəşt tətbiq olunub. Kampaniya müddəti avqustun 31-də başa çatıb. Bu tarixdən sonra SİMA İmza əldə edib sahiblarlıq fəaliyyəti göstərənlər abunə haqqı ödəməlidirlər.

 

Xatırladaq ki, SİMA İmzanın Vergi portalına inteqrasiya prosesi 2023-cü ildə başlayıb. Portalda olan digər xidmətlərə də “SİMA İmza”nın inteqrasiya prosesi davam edir.

 

SİMA İmzanın sahibkarlıq fəaliyyətində istifadəsi ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA rəqəmsal imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

 

SİMA İmzanın tətbiqi mühasiblərin işini də asanlaşdırıb. Məlumdur ki, bu proses ya ənənəvi qaydada ya da elektron formada icra edilir. Araşdırmalar göstərir ki, bir çox xidmət sahəsində olduğu kimi mühasibatlıq sahəsində də əməliyyatların rəqəmsallaşmasına üstünlük verilir.

 

Mühasiblərin bu texnologiyadan istifadəyə üstünlük vermələrinin əsas səbəbi ənənəvi yollarla müqayisədə daha rahat istifadə edilə bilməsidir. Məsələn, ənənəvi qaydada rüblük hesabatlarını vermək üçün istifadəçi şəxsiyyət vəsiqəsi ilə fiziki xidmət mərkəzinə müraciət etməli və fiziki daşıyıcıda olan elektron imza əldə etməlidir.

 

Bir çox xidmət sahələrində olduğu kimi vergi xidmətlərində də SİMA İmzanın sahibkarlar və mühasiblər üçün bir sıra üstünlükləri var.

 

SİMA İmza ilə VÖEN hesabı açmaq mümkündür. Məlumdur ki, VÖEN hesabının açılması iki müxtəlif üsulla icra edilir: ənənəvi və onlayn.

 

Ənənəvi şəkildə hər bir şəxs yaşadığı ərazinin Vergi İdarəsinə və ya yaxınlıqdakı ASAN Xidmət mərkəzinə müraciət edərək VÖEN aça bilər. Bunun üçün vətəndaş ilk növbədə ASAN İmza sertifikatı əldə etməli və fiziki şəxs kimi vergi uçotuna alınmalıdır.  

 

Sual yarana bilər ki, bəs xidmət mərkəzinə yaxınlaşdıqda VÖEN açmaq üçün tələb olunan sənədlər hansılardır? Bu suala da cavab tapa bilməyiniz üçün VÖEN açmaq üçün tələb olunan sənədləri aşağıdakı kimi qruplaşdırmışıq:  

 

- Şəxsiyyəti təsdiq edən sənəd (vətəndaşlığı olmayan və əcnəbi şəxslər üçün onun ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsini təsdiq edən sənəd); 

-Etibarnamə (təmsilçi müraciət etdiyi halda); 

-Asan İmza SİM kartı (bunun üçün rüsum mövcuddur); 

-VÖEN (hüquqi şəxs olan və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər üçün); 

-Möhür (hüquqi şəxslər üçün). 

 

SİMA İmzadan istifadə etməklə vergi portalında onlayn VÖEN hesabı açmaq mümkündür. Bunun üçün xidmət mərkəzinə getməyə ehtiyac yoxdur.

 

Məlumat üçün bildirək ki, 2025-ci ilin sentyabrın 1-nə kimi SİMA İmza tətbiqi 4,9 milyon dəfə yüklənib. Hazırda 3,4 milyon istifadəçi aktiv şəkildə SİMA İmzadan istifadə edir.

 

İndiyə qədər 50,8 milyon dəfə tranzaksiya həyata keçirilib və SİMA İmza ilə tərəfdaşlıq edən qurumların sayı 90-a çatıb.

 

Hazırda bankların 80 faizi, aparıcı dövlət qurumları SİMA məhsullarından faydalanır.

 

Vasif