BANK

10 Avqust

Azərbaycanlı Beynəlxalq Valyuta Fondunun daimi nümayəndəsi vəzifəsinə təyin edildi

İlk dəfə olaraq, azərbaycanlı Beynəlxalq Valyuta Fondunun daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

Fins.az xəbər verir ki, Fərid Siyavuş oğlu Talışlı BVF-nin Qırğızıstan Respublikasındakı daimi nümayəndəsi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Fərid Talışlı 1972-ci il oktyabrın 25-də Moskvada anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) mühəndis-iqtisadçı fakültəsini, həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2006-cı ildə M.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

Peşəkar fəaliyyətinə 1993-cü ildə Azərbaycan Mərkəzi Bankında başlayıb. 2003-2006-cı illərdə BVF-nin yerli ofisində işləyib. 2006-2009-cu illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb. 2010-cu ildən BVF-nin Vaşinqtondakı baş qərargahında işləyir.

©Trend