BANK

25 İyul

Azərbaycanda bankların cəmi aktivləri artıb

Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 45,218.3 mln. manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.

Bu dövrdə bank sektorunun cəmi öhdəlikləri 39,305.6 mln. manat, balans kapitalı 5,912.7 mln. manat olub. İyun ayında bankların kredit portfeli 3.1% və ya 637 mln. manat artaraq 21,296.2 mln. manata bərabər olub. Kredit portfelində biznes kreditləri – 54.7% (11,650.5 mln. manat) istehlak kreditləri – 29.7% (6,324.7 mln. manat) ipoteka kreditləri – 15.6% (3,321 mln. manat) təşkil edib.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.3% təşkil edib. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 32,056.7 mln. manat.

Depozit portfelinin 61.1%-i (19,584.2 mln. manat) hüquqi şəxslərin, 38.9%-i (12,472.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Hesabat ayında bankların əmanət portfeli 2.7% və ya 329.5 mln. manat artıb. Əmanət portfelinin 52.9%-i (6,595.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16,105.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 82.2%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında ilin əvvəlinə nəzərən 2.6 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.6 faiz bəndi azalaraq 36.6% təşkil edib.