BANK

14 İyul

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib - FOTO

Ölkəmizin milli inkişaf prioritetləri, o cümlədən sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn əsas çağırışların və bu istiqamətdə aidiyyəti üzrə görülən işlərin cəmiyyətə düzgün kommunikasiya edilməsi, media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin makroiqtisadiyyat və maliyyə sistemi, xüsusən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Fins.az xəbər verir ki, makroiqtisadi, pul və maliyyə sabitliyi siyasətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsi, siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsi, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılması, bununla da ölkədə həyata keçirilən iqtisadi islahatların cəmiyyət tərəfindən aydın qavranılması, nəticə etibarilə ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılması baxımından media institutları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Bank tərəfindən bu məqsədlə media nümayəndələri üçün ənənəvi olaraq mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi mövzularında təlimlər, həmçinin “Açıq qapı” tədbirləri təşkil olunur.

Həmçinin bu xüsusda Mərkəzi Bankın sədri Taleh Kazımovun media mənsubları ilə görüşləri keçirilir, burada onları maraqlandıran məsələlər müzakirə olunur, qaldırılmış məsələlərin icrası istiqamətində işlər aparılır və müvafiq qaydada nəticələr barədə məlumatlar verilir.

Bu prosesin davamı olaraq milli mətbuatın yaranmasının 148-ci ildönümü ərəfəsində - 13 və 14 iyul tarixlərində media nümayəndələri üçün növbəti təlim təşkil olunmuşdur. Təlimdə Mərkəzi Bankçılıq, qlobal iqtisadi çağırışlar və həllər, inflyasiya: mahiyyəti və səbəbləri, gəlirlilik əyrisi, Mərkəzi Bankın not hərracları, investisiya məqsədli qızıl pul nişanlarının tədavülü mövzularında təqdimatlar keçirilib.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Təlimdən sonra iştirakçıların sədr Taleh Kazımovla görüşü keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.