Ötən həftə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın geniş tərkibdə nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.
Fins.az xəbər verir ki, səfər çərçivəsində sahibkarlar üçün “Naxçıvanda biznesin inkişafı üçün yeni fürsətlər” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Tədbirə Naxçıvan rəsmiləri, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar daxil olmaqla 100-dən çox iştirakçı qatılıb. Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış ediblər. Çıxış edənlər Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də əlçatan və effektiv maliyyələşmə mexanizmlərindən söhbət açıblar.
Bank Respublika nümayəndələri çıxışları zamanı Sahibkarlığın İnkişafı Fondu ilə olan effektiv əməkdaşlığın və əməkdaşların yüksək peşəkarlığının nəticəsi kimi son 2 il ərzində ölkəmizdə məbləğ və say üzrə ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatının məhz - Bank Respublika olduğunu bildiriblər. Qeyd edilib ki, Bank Respublika Naxçıvanda real sektorun maliyyələşdirilməsində iştirak edən ən aktiv banklardan biridir və artıq Naxçıvanda güzəştli kreditlərin verilməsi prosesinə başlanılmışdır. Bank nümayəndələri bu uğurlu əməkdaşlığın Naxçıvanda da davam edəcəyini və qısa bir müddətdə Azərbaycanın digər regionlarında olduğu kimi Muxtar Respublikada da Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərini təqdim edən ən aktiv bank olacağına əmin olduqlarını bildiriblər.
Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları çıxışları zamanı güzəştli biznes kreditlərinin verilməsi mexanizmlərindən və bu kreditlərin sahibkarlar üçün yaratdıqları imkanlardan danışıblar, sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Qeyd edək ki, 3 gün davam edən səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarında olub, sahibkarlarla görüşlər keçirərək onları maraqlandıran sualları cavablandırıblar.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.