BANK

23 İyun

Azərbaycanın bank sektorunun aktivləri 46 mln. manata çatıb

Bu il iyun ayının 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45,921.8 mln. manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.

Fəaliyyətdə olan bankların cəmi öhdəlikləri 40,084.6 mln. manat, balans kapitalı 5,837.2 mln. manat təşkil edib.

May ayında bankların kredit portfeli 1.4% və ya 279.6 mln. manat artaraq 20,659.3 mln. manat olub. Kredit portfelinin strukturunda biznes kreditləri – 54.1% (11,170.8 mln. manat), istehlak kreditləri – 30.1% (6,224.5 mln. manat) və ipoteka kreditləri – 15.8% (3,264 mln. manat) təşkil edib. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.3% təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 32,678.7 mln. manat. Bankların depozit portfeli cari ilin may ayında 1% və ya 311.8 mln. manat artıb. Depozit portfelinin 62.8%-i (20,535.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (12,143 mln. manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Hesabat ayında bankların əmanət portfeli 1.6% və ya 187.6 mln. manat artıb. Əmanət portfelinin 53.2%-i (6,454 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,492.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ilin əvvəlinə nəzərən 1.2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.2 faiz bəndi azalaraq 38% təşkil edib.

Fuad Mədətov
Fins.az