BANK

19 İyun

Xarici valyutada verilən biznes kreditlərinə tələb azalıb

2023-cü ilin I rübündə biznes kreditlərinə tələbin artım tempi əhəmiyyətli dərəcədə səngimişdir. Xarici valyutada verilən biznes kreditləri üzrə isə tələb azalıb. Banklar 2023-cü ilin II rübü üçün biznes kreditləri üzrə gözləntilərində milli valyutada, habelə qısamüddətli və uzunmüddətli kreditlərə tələbin artmasını, xarici valyutada olan kreditlərə isə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankının keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Biznes, o cümlədən, KOS subyektləri kreditləri üzrə tələb artımını səngidən əsas faktorlar faiz dərəcələri, investisiya və dövriyyə kapitalı ehtiyacı üzrə yumşaldıcı təsirin azalması olub. Biznes subyektlərinin borclanma səviyyəsində artım tendensiyası davam edib. Artım əsasən mikro və KOS subyektləri üzrə müşahidə edilib.

Bankların 2023-cü ilin II rübü üzrə gözləntilərinə əsasən sektorda qısamüddətli və milli valyutada verilən biznes kreditləri üzrə standartlarda yumşalmaların, uzunmüddətli və xarici valyutada verilən kreditlərdə isə sərtləşmələrin olacağı proqnozlaşdırılır.