BANK

10 Aprel

Bank Respublika beynəlxalq maliyyə institutundan növbəti iri həcmli kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.

Fins.az xəbər verir ki, Bank, Belçikanın “Incofin CVSO” İnvestisiya Fondu ilə Banka iri həcmli və uzun müddətli subordinasiyalı kreditin verilməsi haqqında saziş imzalayıb. Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarının Bankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə də uzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir.

Cəlb edilən vəsait real sektorun, xüsusilə də Bankın fəaliyyət strategiyasında əsas hədəf olan mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldiləcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində, cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.