BANK

03 Aprel

Fevralda bankların kredit portfeli artıb

Fevral ayında bankların kredit portfeli 0.4 faiz və ya 87.4 milyon manat artaraq 19 milyard 757.4 milyon manat olub.

Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturunda birinci yerdə biznes kreditləridir – 54,8 faiz (10 milyard 835.6 milyon manat), ikinci yerdə istehlak kreditləri – 29,7 faiz (5 milyard 863.6 milyon manat), üçüncü yerdə isə ipoteka kreditləridir – 15,5 faiz (3 milyard 58.2 milyon manat) yer alıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3 faiz təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,5 faizi və ya 32 milyard 560.8 milyon manat). Depozit portfelinin 64,2 faizi (20 milyard 906.9 milyon manat) hüquqi şəxslərin depozitləri, 35,8 faizi (11 milyard 653.9 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) olub.

Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18,1 faiz və ya 1 milyard 784.2 milyon manat artaraq 11 milyard 653.9 milyon manat olub. Əmanət portfelinin 54,4 faizi (6 milyard 336.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 62.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86,4 faizini təşkil edib.

Fuad Mədətov
Fins.az