BANK

31 Mart

Bu il biznes kreditlərinin verilməsində yumşalmalar gözlənilir – QRAFİK

2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib. Yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələrinə əsasən xəbər verir ki, banklar xarici valyutada olan kredit siyasətini sərtləşdirsə də, IV rübdə sərtləşmənin əvvəlki rüblə müqayisədə daha aşağı olması müşahidə edilir. Bütövlükdə, bankların 2023-cü ilin I rübü üzrə gözləntilərinə əsasən sektorda biznes kreditlərinin verilməsi üzrə standartlarda yumşalmaların davam edəcəyi gözlənilir.

2022-ci ilin IV rübündə bankların iqtisadiyyatın spesifik sahələri üzrə pozitiv gözləntiləri və kreditlərə tələbin artması biznes kreditləri, xüsusilə də kiçik və orta sahibkarlıq (KOS) kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsir göstərib. Sorğuya əsasən inflyasiya və uçot dərəcəsi sərtləşmələrə səbəb olan əsas makroiqtisadi göstəricilər olub. Banklar ötən rüblərdən fərqli olaraq, ümumi iqtisadi gözləntilərin 2022-ci ilin IV rübü ərzində kredit standartlarına yumşaldıcı təsir göstərdiyini bildirib.

2022-ci ilin III rübü ilə müqayisədə bankların kapital və likvidlik mövqeyinin biznes kreditləri üzrə standartlara təsiri aşağı olub.

Biznes subyektləri üzrə kreditlərin verilmə şərtlərində yumşalmalar 2022-ci ilin son rübündə də davam edib. Kreditlərin verilmə şərtlərində sərtləşmələr əsasən məhdudlaşdırıcı meyarlar üzrə olub.

Fuad Mədətov
Fins.az