BANK

28 Mart

Kredit siyasətində yumşalma hansı seqmentlərdə baş verib?

2022-ci ilin IV rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma müşahidə edilir.

Fins.az Mərkəzi Bank tərəfindən 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələrinə əsasən xəbər verir ki, kredit siyasətində yumşalma kredit portfelinin hər üç seqmenti, xüsusilə də, istehlak və biznes kreditləri üzrə baş verib.

İstehlak kreditlərində yumşalma əsasən kredit kartları və əməkhaqqı kreditləri, biznes kreditlərində isə MKOS subyektlərinə verilən kreditlər üzrə olub. Banklar 2023-cü ilin I rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini, xüsusilə də yumşalmaların istehlak və ipoteka kreditləri üzrə tətbiq ediləcəyini bildiriblər. 2022-ci ilin son rübündə banklar əsasən milli valyutada və qısamüddətli kreditlərə tətbiq edilən standartlarda yumşalmalar, xarici valyutada olan kreditlər üzrə standartlarda isə sərtləşmələr ediblər.

Sorğu nəticələrinə əsasən 2022-ci ilin son rübündə dövriyyə kapitalına ehtiyac, bankların kredit şərtlərində dəyişikliklər və rəqəmsallaşma fonunda biznes kreditlərinə, eyni zamanda istehlakçı əminliyi, rəqəmsallaşma və faiz dərəcəsi dəyişiklikləri gözləntiləri fonunda istehlak və ipoteka kreditlərinə tələb artmışdır. Sorğuya əsasən banklar MKOS subyektlərinin artan tələbi fonunda borclanma səviyyəsinin yüksəldiyini bildirib.

Fuad Mədətov
Fins.az