2022-ci ildə qlobal mühit geosiyasi və geoiqtisadi gərginliyin yüksəlməsi, inflyasiya təzyiqlərinin güclənməsi, aparıcı ölkələrdə müşahidə olunan iqtisadi daralma və bir çox ölkələrdə pul siyasətinin sərtləşməsi fonunda formalaşıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"nda açıqlanıb.
Hesabata əsasən, qlobal iqtisadiyyatda qeyri-müəyyənlik və risklərin artımına Rusiya-Ukrayna münaqişəsi və bunun ərzaq və enerji qiymətlərinə təsiri, pandemiya ilə əlaqədar pozulmuş təchizat zəncirinin zəif bərpası və Çində sərt karantin tədbirləri fonunda gözləniləndən yüksək iqtisadi daralma və əmlak bazarında müşahidə olunan tənəzzül təsir edib. Qlobal infyasiyanın yüksəlməsi və iqtisadi aktivliyin zəifləməsi bəzi ölkələrdə staqflyasiya risklərini aktuallaşdırıb.
Dünya iqtisadiyyatında risklərin akkumulyasiyası və yüksək qeyri-müəyyənlik fonunda Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən qlobal iqtisadi artım proqnozları yenilənib. Belə ki, BFV-nin Dünya iqtisadiyyat icmalının (WEO) 2022-ci il iyul ayı buraxılışında 2023-cü il üzrə qlobal iqtisadi artımın 2.9% olması gözlənilsə də, oktyabr ayı buraxılışında bu proqnoz 0.2 f.b. (Faiz bəndi) azaldılaraq 2.7% olaraq yenilənib. Müvafiq olaraq İnkişaf etmiş ölkələr (İEO) və İnkişaf etməkdə ölkələr (İEOÖ) üzrə də proqnozlar 0.3 və 0.2 f.b. azaldılaraq 1.1% və 3.7% müəyyən edilib.
Fuad Mədətov
Fins.az