Martın 13-də Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş sayca 3-cü “Açılış Zəngi” mərasimi keçirildi. Açılış mərasiminə dövlət və özəl sektorda fəaliyyət göstərən qadın nümayəndələr qatıldı.
Bankdan Fins.az-a verilən məlumata görə, tədbirdə AccessBank-ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə Bankın BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (WEPs) qoşulması və bu prinsiplərin Bankın fəaliyyətinə gətirdiyi yeniliklər barədə təqdimatla çıxış etdi. AccessBank Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinin uğurlu tətbiqinə görə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından (BMTİP) təşəkkürnamə aldı.
BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.
Azərbaycanda hazırda 21 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk Azərbaycan bankıdır.