BANK

09 Mart

Kapital Bank-ın Mobil-POS xidmətinə yeni taksit funksiyası əlavə olundu

Kapital Bank ötən il Azərbaycanda ilk dəfə təqdim edilən Mobil-POS xidmətinə yeni funksiya əlavə edərək onu daha rahat və çoxfunksiyalı edib. Belə ki, artıq sahibkarlar ölkədə ilk dəfə olaraq smartfonları vasitəsilə ödəniş qəbul edən zaman, məbləği 18 ayadək taksitə də bölə bilərlər.

Bankdan Fins.az-a verilən məlumata görə, Mobil-POS-dan istifadə edən sahibkarlar malın və ya xidmətin dəyərini aylara bölməklə daha çox müştəri cəlb edəcəklər və bununla da dövriyyələrini artıracaqlar.

Mobil-POS funksiyasını həm “iOS”, həm də “Android” əməliyyat sisteminə malik smartfon vasitəsilə sifariş etmək mümkündür. Lakin bu xidmətdən yararlanmaq üçün “Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması zəruridir. Xidmətdən Müştəri Bank istifadəçiləri yararlana bilər. Müştəri Bank sisteminə qoşulmaq üçün //cb.kapitalbank.az/login linkinə keçid etmək kifayətdir.

Əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün əlverişli olan xidməti tətbiq etməklə əlavə POS-terminal qurğusunu əldə etməyə, həmçinin onun daşınmasına ehtiyac yoxdur. Xidmətə qoşulma ödənişsizdir, üstəlik bunun üçün Kapital Bank filiallarına gəlməyə ehtiyac yoxdur: qoşulma tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir. Mobil POS vasitəsilə ödəniş qəbul etmək və həmçinin, əməliyyat tarixçəsinə və mövcud Mobil POS terminallarının məlumatlarına baxmaq olar.

Qeyd edək ki, Kapital Bank 2022-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxs və fərdi sahibkarlara Mobil POS xidmətini təqdim edib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Visa şirkəti ilə birgə təqdim edilən bu xidmət vasitəsilə sahibkarlar ənənəvi POS-terminal əvəzinə smartfonları vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə bilərlər.