BANK

20 Fevral

ABA ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında Memorandum imzalanıb - FOTO

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. 

ABA-dan Fins.Az-a verilən məlumata görə, 15 fevral 2023-cü il tarixində sənədi Birləşmiş Ərəb Əmirlikləri Banklar Federasiyasının Baş direktoru Camal Saleh və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıb.

Memorandum çərçivəsində tərəflər arasında əməkdaşlığın təşviqi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ümumilikdə bank sektorları arasında daha sıx işgüzar əlaqələrin qurulması, birgə təhsil və təlim proqramları daxil olmaqla tədbirlərin keçirilməsi, hər iki təşkilatın üzvü olan banklar arasında infomasiya mübadiləsi, müxbir münasibətlərin inkişafı və s. sahədə əməkdaşlıq nəzərdə tutulub.

Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.