BANK

17 Yanvar

Mərkəzi Bank tədqiqat işlərinin ictimai müzakirəsini təşkil edəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) fevralın 13-17-də “Tədqiqat həftəsi” adlı tədbir keçirəcək.

Fins.az AZƏRTAC-a istinadla bildirir ki, tədbir Mərkəzi Bankda aparılmış tədqiqat işlərinin ictimai müzakirəsinə həsr olunacaq.

Hər il Mərkəzi Bankda pul və maliyyə sabitliyi siyasətinə xidmət edən, eləcə də bir sıra aktual makroiqtisadi mövzularda empirik tədqiqatlar həyata keçirilir. Adətən bu tədqiqat işləri Mərkəzi Bank daxilində, həmçinin beynəlxalq institut və ya xarici ekspertlərlə müzakirə edilərək təkmilləşdirilir, xarici jurnal və konfranslara təqdim olunur. Onların bir çoxu hər il Mərkəzi Bankın rəsmi internet səhifəsində işçi məqalə kimi dərc edilir.

Mərkəzi Bank cari ildən etibarən həyata keçirilən tədqiqat işlərinin ictimai müzakirəsini təşkil etməyə başlayır. İctimai müzakirənin keçirilməsində əsas məqsəd tədqiqat nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq, iqtisadi siyasətdə, ictimai müzakirə və ekspert mülahizələrində tədqiqata əsaslanma ənənəsini möhkəmlətmək, həmçinin növbəti tədqiqatlar üçün rəy və təkliflər almaqdır. İqtisad istiqaməti üzrə tədris fəaliyyəti ilə məşğul olan professor-müəllim heyəti, elmi işçilər, ali təhsil müəssisələrində təhsil alan tələbələr, iqtisadi siyasətə məsul dövlət qurumlarının analitik işlər həyata keçirən əməkdaşları, iqtisadçı ekspertlər və jurnalistlər, tədqiqata marağı olan hər kəs bu müzakirələrdə iştirak edə bilər. Müzakirələr vebinar formatda həyata keçiriləcək. Müzakirəyə təqdim olunan tədqiqat işləri barədə //uploads.cbar.az/press-releases/c499c8cdfb0b31088e1d822e8.pdf tanış olmaq mümkündür. Müzakirələrə qoşulmaq istəyən şəxslər //e-cbar.az/Survey/Info/121 linkə daxil olmaqla yanvarın 31-dək qeydiyyatdan keçə bilərlər.