BANK

15 Dekabr

Goldman Sachs 2023-cü il neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salıb

Qlobal investisiya bankı Goldman Sachs 2023-cü il üçün neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salıb. Bank hesab edir ki, gələn ilin əvvəlində təklif artıqlığı yarana bilər və bu da qiymətlərin yüksəlməsinin qarşısını alacaq.

"Fins.az" xəbər verir ki, Goldman 2023-cü ilin 1-ci və 2-ci rüblərində Brent üçün qiymət proqnozlarını 115 və 105 dollar/bareldən müvafiq olaraq 90 və 95 dollar/barelə endirib.

Çində tələb əvvəllər gözləniləndən daha zəif olduğu, Rusiyadan neft ixracı Ukraynada münaqişədən əvvəlki səviyyəyə yaxın qaldığı, Qazaxıstan və Nigeriyada tədarük çətinlikləri azaldığı üçün bu qış qiymət artımı riskləri azalıb.

Bank hesab edir ki, 2023-cü ildə Brent markalı neftin orta qiyməti 98 dollar/barel, WTI markalı neftin orta qiyməti isə 92 dollar/barel ola bilər. Əvvəlki proqnozda Brent və WTI neftinin orta qiymətlərinin gələn il müvafiq olaraq 110 və 105 dollar/barelə çatacağı güman edilirdi.

Gələn ilin son iki rübündə Brent neftinin qiyməti bir barel üçün 100-105 dollara qədər yüksələ bilər ki, bu da əvvəlki təxmindən (110 dollar/barel) aşağıdır.

Goldman 2024-cü ildə Brent markalı neftin orta qiymətinin bir barel üçün 105 dollar, WTI markalı neftin isə 99 dollar/barel olacağını proqnozlaşdırır.

Cari rübün ötən dövründə Brent markalı neftin qiyməti təxminən 6% düşüb. Kotirovkalar martda 139 dollar/barel olan zirvədən isə 40%-dən çox geriləyib.

"Qiymətlərin son enişinə baxmayaraq, 2022-ci ildə əmtəələr bütün aktiv sinifləri arasında ən yaxşı gəliri göstərə bilər", - Goldman Sachs bildirib.

Bank əmtəələrin kotirovkalarının dinamikasını izləyən SP GSCI TR indeksinin 2022-ci ildə 23%, 2023-cü ildə isə 43% arta biləcəyini gözləyir.