BANK

15 Dekabr

FED faiz qərarını açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı, FED) 2022-ci ildə sonuncu faiz qərarını açıqladı.

Fins.az xəbər verir ki, gözlənildiyi kimi FED faizini 50 baza bəndi də artıraraq 4,25% - 4,50 % aralığına çatdırıb. Bazarlarda da FED-in faizlərini 50 baza bəndi artıracağı proqnozlaşdırılırdı.

Bundan əvvəl FED faizini ardıcıl 4 dəfə 75 baza bəndi artırmaqla 3,75% - 4,00 % aralığına yüksəltmişdi. 

FED-in bu gün də faiz artırması ilə faizi 2007-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.

Saat 23:30-da isə FED sədri Jerome Powell-in mətbuat konfransı başlayacaq. Bazarlar FED-in gələcək monetar siyasətinə dair siqnallar, eləcə də iqtisadiyyatdakı vəziyyətin qiymətləndirilməsini gözləyəcək.

 

İnflyasiyanın aşağıya doğru meylinin daha aydın görünməsi ilə, FED daha yavaş faiz artırmağa keçir. ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin noyabr ayında 2021-ci ilin noyabr ayı ilə müqayisədə 7,1% artıb. Bir ay əvvəl bu rəqəm 7,7% idi. Proqnoz isə 7,3% təşkil edirdi. Beləliklə, noyabrda ABŞ-da illik inflyasiya gözlənildiyindən daha çox yavaşlayıb. Çünki enerji qiymətlərinin düşməsi artan ərzaq qiymətlərini kompensasiya etdi. Aylıq inflyasiya da gözləniləndən az olub və oktyabrdakı 0,4%-ə qarşı noyabrda 0,1% təşkil edib.

İnvestorlar üçün ölkədə istehlak qiymətlərinin artım tempi FED-in gələcək fəaliyyəti ilə bağlı əsas müəyyənedici amillərdən biridir.