BANK

14 Dekabr

AİB Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu artırıb

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya (CCA) regionu üçün 2022-ci il üzrə inflyasiya proqnozunu 11,5 %-dən 12,5 %-ə yüksəldib.

Bu barədə ADB-nin “Asiyanın inkişaf perspektivləri” adlı hesabatının dekabr sayında deyilir.

Eyni zamanda, 2023-cü il üçün proqnoz 8,5 % səviyyəsində dəyişməz olaraq qalır. “Subregionun bir çox ölkələrində inflyasiya dəyişməz qalıb. Bu, əsasən, Rusiyanın Ukraynaya təcavüzündən sonra ərzaq məhsullarının yüksək qiymətlərini və daxili tələbin bərpasını əks etdirir”, - hesabatda qeyd olunur.

ADB Azərbaycan üzrə inflyasiya proqnozunu dəyişməyərək 2022-ci ildə 11,5 %, 2023-cü ildə isə 7 % səviyyəsində saxlayıb.

ADB-in məlumatına görə, 2022-ci ilin sentyabr ayının sonunda Azərbaycanda orta illik inflyasiya 13,4 % təşkil edib ki, bu da Rusiya və Ukraynadan tədarükdə kəsilmələrin olmasına görə ərzaq məhsullarının qiymətlərinin artması, eləcə də ölkənin ticarət tərəfdaşları tərəfindən qiymətlərin artırılması ilə əlaqədar olub.

“Gürcüstanda turizmin intensivləşməsi və rusiyalı miqrantların böyük dalğası daxili tələbi stimullaşdırdığı üçün, yerli istehsal məhsulları da daxil olmaqla, qiymətlərin artmasına səbəb olub və inflyasiya orta hesabla 12,4 % təşkil edib. Qazaxıstanda inflyasiya 13,9 %-ə qədər artıb, çünki Rusiyanın ərzaq ixracına qadağası səbəbindən tədarük zəncirinin pozulması əsas malların çatışmazlığına və daxili qiymətlərin artmasına səbəb olub.

Qırğızıstanda ərzaq və enerji qiymətlərinin kəskin artması inflyasiyanın 13,7 %-ə yüksəlməsinə səbəb olub; Özbəkistanda isə inflyasiya 11,2 %-ə qədər sürətlənib, çünki daxili buğdanın tənzimlənən qiymətlərinin liberallaşdırılması unun və çörəyin bahalaşmasına səbəb olub. Subregionun başqa yerlərində müşahidə olunan artım meylindən fərqli olaraq, Tacikistanda orta inflyasiya 2022-ci ilin ilk 9 ayında 5,7 %-ə düşüb. Belə ki, kənd təsərrüfatı məhsullarının ixracının məhdudlaşdırılması satış qiymətlərində azalma tendensiyası yaradıb”, - hesabatda vurğulanır.

(c) report