BANK

29 Noyabr

Neft Fondunun Fransadakı aktivlərinə yaranabiləcək təhlükə ilə bağlı AÇIQLAMA

ARDNF-nin investisiya fəaliyyəti tam olaraq beynəlxalq qanunvericilik çərçivəsində həyata keçirilir və hal-hazırda da bu kontekstdə onun aktivlərinə hər hansı bir risk movcud deyil.

Fonddan "Fins.az" a verilən açıqlamada bildirilib ki, ARDNF öz məqsəd və vəzifələrinə uyğun olaraq vəsaitlərin idarə edilməsi fəaliyyətini təşkil edir və bu əsnada aktiv növləri, coğrafi regionlar və s. kimi bir sıra müxtəlif parametrlər üzrə şaxələndirilmiş və balanslı şəkildə qurulmuş investisiya portfeli də məhz Fondun missiyasını özündə ehtiva edir.  Hazırkı investisiya siyasəti üzrə müəyyən edilən müvafiq alt portfellər üzrə bençmarklara uyğun olaraq ARDNF-nin vəsaitləri müxtəlif valyutaları, regionları və sektorları əhatə edən aktivlərdə yerləşdirilib. 

Neft Fondu yatırımlarının strukturunun təyin olunma mexanizminə toxunaraq "Belə ki, ARDNF-nin yatırımlarının icrası məhz həmin bençmarklarda yer alan aktivlərdə saxlanılmaqla, tərəfimizdən heç bir xüsusi ölkə, region və ya sektora üstünlük verilmədən həyata keçirilir. Qeyd edilən bençmarklar müəyyən edilən zaman isə, məsələn səhmlər üzrə bazar kapitallaşmasına görə dünyanın 1600-dən çox ən böyük nüfuzlu korporasiyalarının yer aldığı indeks, istiqrazalar üzrə dünyanın ən böyük iqtisadiyyatlarının aidiyyatı maliyyə bazarlarının dərinliyi və tutumu nəzərə alınmaqla müvafiq suveren borc öhdəliklərinin daxil olduğu indeks əsas hədəf olaraq seçilmişdir. Bugün ARDNF-nin investisiya portfelinin regional və ya ölkələr üzrə bölgüsü də məhz həmin region və ya ölkələrin həmin bençmarklardakı payına görə formalaşır. Nəticə etibarilə ARDNF-nin vəsaitlərinin önəmli hissəsi Şimali Amerika, Avropa və Asiya regionlarının ən əsas iqtisadiyyatlarında yerləşdirilmişdir."-deyə qeyd edib. 

Fransada yerləşən aktivlərlə bağlı Fond mövcud vəziyyətin fonunda yaranan ümumi tendensiyaya aydınlıq gətirərək "ARDNF qeyd olunan investisiya siyasətinin icrası zamanı maliyyə hesabatlılığı və maliyyə bazarlarının tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlara tam olaraq riayət edir və hal-hazırda da dünyanın hesabatlılıq və şəffaflıq normalarına görə ən qabaqcıl suveren fondları arasında yer alır. Belə ki, ARDNF-nin investisiya fəaliyyəti tam olaraq beynəlxalq qanunvericilik çərçivəsində həyata keçirilir və hal-hazırda da bu kontekstdə onun aktivlərinə hər hansı bir risk movcud deyil"-deyə əlavə edib. 

Müəllif: Aynur Qəniyeva