BANK

29 Noyabr

10 günə qənaət etməyə vərdişin yolları

Büdcə planlaması hər birimizin sahib olmalı olduğu vərdişdir. Ehtiyaclarımızın qarşılanması, lazımi və zəruri alışları həyata keçirmək və ən əsası arzularımızı gerçəkləşdirmək üçün edəcəyimiz yığım üçün bu planlama çox vacibdir. Bu səbəbdən sizə büdcə planlaması ilə bağlı maraqlı məsləhətlər hazırlamışıq.

Qənaət etməyə vərdişin yollarından söhbət açacağımız bu məqalədə büdcə planlamasını daha effektiv qurmaq üçün sınaqdan keçmiş ipucları təqdim edəcəyik.

İlk günlərdə bu sistemin effektinin az olduğu hiss oluna bilər, lakin 10 günün sonunda siz nə qədər məbləğ qənaət etməyə qadir oluduğunuzu görərək, yığımın daha çox zehni fəaliyyət olduğunu anlayacaqsınız. Beləliklə başlayaq;

Qənaət edəcəyiniz məbləği təyin edin

Büdcə planlamasını hazırlayarkən zəruri xərcləri qeyd etdiyiniz kimi, yığım üçün ayıracağınız məbləği də qeyd edin. Bu sizə ay ərzində artıq qalan və qənaət edə biləcəyiniz pulunuzu xərcləməkdən çəkinməyə kömək edəcək.

Günlük büdcə müəyyənləşdirin

Günün əvvəlində həmin günə uyğun büdcə müəyyən edin və həmin məbləğdən çox xərcləməyin. Günün sonunda qənaət etmiş olduğunuz məbləğ sizə motivasiya verəcək.

Tam nağdsız ödənişlərə keçin

Bütün ödənişləri nağdsız edin, həm qalıqlar balansınızda qalsın, həm də ödəmələri ay sonu çıxarış edin. Üstəlik nağdsız ödənişlərdən keşbek də qazana bilərsiniz. Məsələn, PashaPay-in m10 tətbiqi ilə ödənişlərinizdən 2% keşbek qazana bilərsiniz. Təkcə xərclərdən 2% qazanc heç də pis səslənmir, elə deyil?!

Evdən kənarda yeməyi azaldın

Ay ərzində büdcəmizin böyük hissəsi qidalanma üçün xərclənir. Qənaət etmək üçün evdən kənarda yemək yerinə, evdə yemək çox effektiv üsuldur. Araşdırmalar göstərir ki, kafe və restorandakı qiymətlər həmin yeməyin xərcindən ortalama 3 dəfə çoxdur. Bu rəqəmi bütün bir ay üçün hesabladıqda qənaət edəcəyimiz məbləğin nə qədər böyüdüyünü görə bilərik.

24 saat qaydasını tətbiq edin

Ani yaranan alış istəklərinizi 24 saat gözlədin. Növbəti gün yenə eyni qədər istəkli olsanız, alışı o zaman gerçəkləşdirin. Bu üsulla marketlərdə və mağazalardakı rəngli vitrinlərin sizi cəlb etməsinin qarşısını ala biləcəksiniz.