BANK

28 Noyabr

Çində etirazlar- fond bazarları enib və yuan rekord həddə ucuzlaşıb 

Çinin bir neçə böyük şəhərində hökumətin anti-COVID tədbirlərinə (sərt karantin rejiminə) qarşı etirazların başlaması və bunun iqtisadi vəziyyətə mənfi təsir edəcəyi barədə proqnozların artması nəticəsində, bazar ertəsi günü ölkənin fond bazarları və milli valyuta yuan iki həftədən çox müddətin minimuma enib. 

"Fins.az" xəbər verir ki, keçən həftə Çinin qərbində baş verən ölümcül yanğından sonra əhalinin sıfır-COVID siyasətindən narazılığı pik həddinə çatdığı üçün Çin vətəndaşları həftə sonu Pekin və Şanxay da daxil olmaqla bir neçə şəhərdə polislə toqquşub. 

Çinin "Shanghai Shenzhen CSI 300" indeksi 2,2%, "Shanghai Composite" indeksi isə 1,6% düşüb. Həmçinin satışlar Honq Konqa da sıçrayıb, "Hang Seng" indeksi 3,6% geriləyib.

Yuan 0,8% ucuzlaşaraq 7,2281 dollara, ofşor yuan isə 0,6% ucuzlaşaraq 7,2415 dollara düşüb. Həm valyutalar, həm də Çin indeksləri iki həftə ərzində ən zəif səviyyələrdə ticarət edilib.

Bu ayın əvvəlində Çinin sərt karantin rejimi siyasətini yumşaltacağına dair ümidlər var idi. Lakin Çin hökuməti əksinə -  son həftələrdə karantin tədbirlərini gücləndirib, çünki ölkədə gündəlik yoluxma faktları artıb.

Yeni növ koronavirusa yoluxanların sayı digər ölkələrdə müşahidə olunan səviyyələrlə müqayisədə hələ də kiçik olsa da, Çin rəsmiləri peyvəndlərin qeyri-kafi sayda və səhiyyə infrastrukturunun olmaması səbəbindən sıfır-COVID siyasətinə sadiqliklərini təkrarlayıblar.

Ciddi karantin tədbirləri bu il Çinin iqtisadi artımına ciddi mənfi təsir edib, çünki ölkə artan yoluxmaların qarşısını almaq üçün bir neçə sənaye mərkəzini bağlayıb. Hökumət iqtisadi artımı dəstəkləmək üçün bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirsə də, bu günə qədər iqtisadiyyata məhdud təsir göstərmişdir.