Hazırda Azərbaycan hökuməti Dünya Bankı ilə Qarabağda layihələrin maliyyələşdirilməsində bankın iştirakını müzakirə edir. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“DB ilə bu məsələni müzakirə edirik. Onlar (bank ) prinsip etibarilə hazır olduqlarını bildiriblər Hər şey layihələrdən, təsdiq edilməyin zamnaı və şərtlərdən asılı olacaq. Hələlik müzakirələr aparılır, konkret nə isə deməyə hələlik hazır deyiləm”, - Şərifov cümə axşamı jurnalistlərə deyib.
2022-ci ilin aprel ayında Şərifov bəyan edib ki, DB Qarabağın yenidən qurulmasıüzrə layihələrin maliyyələşdirilməsi üçün Azərbaycana xüsusi güzəştli şərtlər üzrə kreditlər təqdim etməyə hazırdır. “Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik. Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər”, - Şərifov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Prezident İlham Əliyev cavabında bildirib ki, Azərbaycan bu imkandan istifadə etməlidir.
Bununla əlaqədar, Şərifov vurğulayıb ki, Azərbaycan reallaşdırılması üçün DB-nin güzəştli kreditlərinin cəlb oluna biləcəyi layihələri seçə bilər.
Xəbər verildiyi kimi, 2022-ci ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerden ilə Qarabağın bərpasında Dünya Bankının iştirakını müzakirə edib.