"SP Global Ratings" reytinq agentliyi Sahibkarlığın İnkişafı Fondunun (SİF) uzun və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib.
SİF-in yaydığı məlumatda bildirilir ki, sözügedən agentlik yaxın gələcəkdə SİF-in reytinqinin "stabil" olaraq qalacağını proqnozlaşdırır. Bu nəticə ilə SİF "SP Global Ratings" -dən ilk dəfədən yüksək reytinq almış qurumlardan biri olub.
Qeyd edilib ki, qlobal reytinq agentliyinin yaydığı məlumata görə SİF-in ölkə iqtisadiyyatının inkişafında əvəzolunmaz rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi reytinq agentliyi tərəfindən müsbət qiymətləndirilib. Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub.
Reytinqin alınmasında əsas məqsəd qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, Fondun cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi üçün uyğun zəmin yaratmaqdır
Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fondun başlıca məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələri təşviq etmək, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
30 illik fəaliyyət dövrü ərzində Fondun güzəştli kredit mexanizmindən 39 220 layihənin maliyyələşdirilməsi məqsədilə 29 310 sahibkarlıq subyekti yararlanıb və bu sahibkarlıq subyektlərinə 2,8 milyard manat həcmində kredit verilib.