BANK

26 Oktyabr

ARDNF-nin aktivlərinin bazar dəyərində 4 521,0 milyon manat azalma olub

Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunub. 

"Fins.az" Dövlət Neft Fonduna istinadən xəbər verir ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil etmişdir.

Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur. Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olmuşdur. Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunmuşdur.