Türkiyə-Azərbaycan Preferensial Ticarət Sazişi (PTS) malların bazara çıxışını genişləndirməklə yanaşı, digər sahələri də əhatə edə bilər, məsələn, investisiyaların, iş yerlərinin yaradılmasının, iqtisadi artımın və xidmət ticarətinin də təşviqi mümkündür.
Bu barədə Dünya Bankının hesabatına əsasən xəbər verir.
“Genişləndirilmiş PTS Azərbaycanın istehsal etdiyi və ya digər istiqamətlərə ixrac etdiyi digər məhsulları, o cümlədən emal məhsullarını da əhatə edə bilər. Bundan əlavə, daha geniş PTS tariflərdən kənara çıxaraq, xidmət ticarəti, investisiyalar, əqli mülkiyyət hüquqları və daxili tənzimləmə ilə bağlı müddəaları əhatə edə bilər ki, bu da hazırda Sazişlə əhatə olunmur”, - Dünya Bankı qeyd edir.
Bank xatırladıb ki, Türkiyə-Azərbaycan Preferensial Ticarət Sazişi çox məhdud sayda məhsula tarif endirimini nəzərdə tutur. 25 fevral 2020-ci ildə imzalanmış PTS 2021-ci ilin martında qüvvəyə minib.
Saziş nisbətən az sayda, əsasən kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına gömrük rüsumlarının qarşılıqlı azaldılmasını əhatə edir. Türkiyə Azərbaycanda istehsal olunan 15-ə yaxın məhsulun, o cümlədən pendirin bəzi növləri, üzüm, gavalı, xurma, qara çay, pomidor, xiyar, meyvə məhsulları, alma şirəsi və şərabın əsasən rüsumsuz bazara çıxışını təmin edir. Bəzi hallarda bu məhsulların ixracı illik kvotaya tabedir. Öz növbəsində, Azərbaycan Türkiyənin 15-ə yaxın məhsulunun, o cümlədən emal olunmuş pendir, günəbaxan tumu, saqqız, şokolad məhsulları, qida məhsulları, peçenye və pomidorun tarifsiz bazara çıxışını təmin edir. Bütün bu ixraclar illik kvotalara tabedir.