Azərbaycanın ən böyük bankı olan "ABB" ASC 2022-ci ilin 3-cü rübünü (yanvar-sentyabr ayları) 209 milyon 914 min manat xalis mənfəətlə başa vurub.
"Fins.az" xəbər verir ki, bu barədə bankın 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edən maliyyə hesabatında məlumat verilib.
Məlumata görə, bankın xalis mənfəəti 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 732 min manat və ya 6,4% artıb.
FAİZ GƏLİRLƏRİ 24%-DƏN ÇOX ARTIB
Hesabata görə, 2022-ci ilin 9 ayında bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 79 milyon 1 min manat və ya 24,4% artaraq 402 milyon 736 min manat təşkil edib. ABB-nin cari ilin 3 rübü ərzində qeyri-faiz gəlirləri 4 milyon 80 min manat və ya 3,2% artaraq 133 milyon 196 min manata çatıb.
AKTİVLƏRİ ARTIB
Cari ilin əvvəli ilə müqaisədə 30 sentyabr 2022-ci il tarixinə ABB-nin cəmi aktivləri 948 milyon 608 min manat artaraq 12 milyard 432 milyon 464 min manat təşkil edib.
KREDİT PORTFELİ 27% ARTIB
“ABB” ASC-nin müştərilərə verilmiş kreditləri ötən ilin müvafiq dövrü ilə müqaisədə 744 milyon manat və ya 27% artaraq 3 milyard 517 milyon 995 min manat təşkil edib.Bankın biznes kredit portfeli 1 milyard 56 milyon manata çatıb.
DEPOZİT PORTFELİ ARTIB
2022-ci ilin 3-cü rübübün hesabatına görə, ABB-nin depozit portfeli 1 milyard 400 milyon 733 min manat artaraq 9 milyard 662 milyon 399 min manata qədər yüksəlib.Hesabat dövründə ABB-nin öhdəlikləri 8,3% və ya 835 milyon manat artaraq 10 milyard 881 milyon manata yüksəlib. Fiziki şəxslərin bankdakı depozitləri 499 milyon 362 min manat çoxalaraq 1 milyard 782 milyon 336 min manata, hüquqi şəxslərin depozitləri isə 901 milyon 371 min manat artaraq 7 milyard 880 milyon 62 min manat olub.
40 MİLYON MANATA YAXIN MƏNFƏƏT VERGİSİ
Bank hesabat dövründə əməliyyat mənfəətindən 32 milyon 720 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Bank 2022-ci ilin ilk 9 ayı ərzində 39 milyon 112 min manat mənfəət vergisi ödəyib.