BANK

20 Oktyabr

Mərkəzi Bankla Çinin Bank və Sığorta Tənzimləmə Komissiyası arasında anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası (Komissiya) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, əlaqələrin gücləndirilməsi və maliyyə sektorunda məlumat və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

İmzalanmış Memoranduma əsasən AMB və Komissiya arasında bank və sığorta sektorunda təcrübə və informasiya mübadiləsinin aparılması, təlim və seminarların təşkili, məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Memorandumun imzalanması nəzarət qurumları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi, texniki dəstəyin həyata keçirilməsi, qlobal tənzimləmə yanaşmaları üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək, həmçinin bütövlükdə hər iki ölkənin bank və sığorta sisteminin inkişafına öz töhfəsini verəcək.

Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də nəzarət məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.