“PAŞA Bank” və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində "Techstars Startup Weekend FinTech Baku" tədbiri baş tutacaq. Bu tədbir iştirakçılara innovativ texnologiyalara əsaslanaraq, öz ideyalarını həyata keçirmək imkanı verəcək. Belə ki, iştirakçılar digər sənaye sahələrindən texnoloji və biznes modellərini istifadə edərək, "FinTech" sahəsinin ən çətin problemlərinə real həllər yaratmaq üçün texnoloqlar, bank mütəxəssisləri, sahibkarlar, dizaynerlər, developerlər və digər mütəxəssislərlə işləyəcəklər.
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın startapı formalaşdıraraq, işlək halda təqdim etməsidir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar peşəkar mentorlar tərəfindən konsultasiya alacaqlar.
"Techstars Startup Weekend FinTech Baku" tədbiri təqdimat, səsvermədən, komanda formalaşdırmaq, fikir mübadiləsi aparmaq və prototip hazırlamaq kimi hissələrdən ibarətdir. İştirakçılar 60 saniyə ərzində özünü təqdim etməli, üzərində çalışdıqları məsələ və onun həlli yolları, həmçinin üstünlükləri barəsində məlumat verməlidir.
Təqdimatlar bitdikdən sonra iştirakçılarla ünsiyyət qurmaq üçün 45 dəqiqə verilir. Uğurlu komanda məhsulu işləyib hazırlaya bilən, istehlakçıların istəklərini nəzərə alan, əhatəli təqdimat hazırlayan, məhsulun və biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan insanlardan ibarət olmalıdır.
Tədbirdə iştirak üçün son qeydiyyat tarixi 25 oktyabrdır.