BANK

20 Oktyabr

ABB-nin rəhbəri:"Son bir ildə kredit portfelimiz 27% artıb"

“ABB-nin 2022-ci ilin üçüncü rübünə dair maliyyə göstəricilərində kredit portfeli üzrə müsbət tendensiyalar var. 2022-ci ilin üçüncü rübünə Bankın kredit portfelinin həcmi 3,518 milyon manat olub. Son bir ildə kredit portfelimiz 27% artıb”.

Bunu "Fins.az"-a müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. Onun sözlərinə görə, xüsusən biznes kreditlərində, o cümlədən Sahibkarlığın İnkişafı Fondu xətti ilə verilən kreditlərdə artımlar müşahidə edilir: “2022-ci ilin üçüncü rübünün sonuna ABB-nin biznes  kreditləri portfeli 1,744 milyon manat  olub. Son bir ildə bu istiqamətdə də 28% artım var”.

Abbas İbrahimov ipoteka kreditləşməsi sahəsində də ABB-nin mövqeyinin gücləndiyini bildirib. 2022-ci ilin üçüncü rübünün sonuna Bankın ipoteka krediti portfeli 849 milyon manata çatıb. Ötən bir ildə bu göstərici üzrə 21% artım qeydə alınıb.

İdarə Heyətinin sədri Bankın valyuta mövqeyinin bağlanması ilə bağlı Azərbaycan Mərkəzi Bankı ilə birgə həyata keçirilmiş əməliyyata dair sualı da cavablandırıb. Xatırladıb ki, ABB-nin balansında restrukturizasiyadan qalmış açıq valyuta mövqeyi mövcud idi: “Ötən rüb ərzində Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə Bankın açıq valyuta mövqeyi tam bağlanıb və hazırda ABB bütün requlyativ normativlərə əməl edir”. 

Abbas İbrahimov Bankın geri çağırılmış səhmləri ilə bağlı suala da münasibət bildirib, həmin səhmlərin ABB-nin Səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə ləğv olunduğunu diqqətə çatdırıb. 

Müəllif: Aynur Qəniyeva