BANK

20 Oktyabr

Günay Cəlilova: “İnternet Bankçılıq vasitəsilə həyata keçirilən bütün funksionallıqların mobil tətbiqə də inteqrasiyası planlaşdırılır”

“İnternet Bankçılıq vasitəsilə həyata keçirilən bütün funksionallıqların mobil tətbiqə də inteqrasiyası planlaşdırılır”.

“Fins.az” xəbər verir ki, bunu Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova jurnalistlərə müsahibəsi zamanı deyib. 

O, bildirib ki, gələcəkdə biznes müştəriləri fiziki şəxslərdə olduğu kimi köçürmə və digər bank əməliyyatlarını mobil tətbiq vasitəsilə həyata keçirə biləcəklər: “Bu yaxınlarda müştərilərimiz mobil tətbiqdə bir sıra yeniliklərimizi görəcəklər. İnternet Bankçılıq vasitəsilə həyata keçirilən bütün əməliyyatlar mobil tətbiqdə də öz əksini tapacaq. Əsas hədəfimiz kiçik və mikro sahibkarlıqla məşğul olan müştərilərimizin maliyyə əməliyyatlarını elə smartfonlarında həll etməsidir. Bu rəqəmsal yenilikləri işə salmaqla yanaşı, həmin yeniliklər barədə müştərilərimizi məlumatlandırmaq da işimizin bir hissəsidir. Düşünürük ki, biz onlarla birgə tətbiqimizi daha da inkişaf etdirəcəyik.

Bununla yanaşı, mobil tətbiqimizdə mövcud kredit skorinq xidmətini daha da təkmilləşdirmək üçün işlər gedir. Hazırda bu xidmət yalnız fiziki şəxslər üçün aktivdir, gələcəkdə kiçik və orta biznes subyekti olan müştərilərimiz üçün də skorinq modelini istifadəyə verəcəyik” – deyə Yelo Bank rəsmisi bildirib.