Bu gündən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının notları üzrə hərracın reqlamentinə dəyişiklik edilib.
Banklararası pul bazarı üçün mühüm hesab olunacaq bu qərarın Mərkəzi Bankın pul siyasətinində yeni qaydaların tətbiqinin bir hissəsi oldu bildilir. Sözügedən dəyişikliyin bazarda hansı yeniliklərə və nəticələrə gətirib çıxarcağı ilə bağlı fikirlərini "Fins.az"-la Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyətinin Üzvü və "Unicapital" İnvestisiya Şirkətinin Direktoru Tələt Kalayev bölüşüb.
Notların alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər
Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notları – Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə buraxılan faizsiz dövlət qiymətli kağızlarıdır. Notlar dövriyyədə olan pul kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul-kredit siyasəti vasitəsidir, pul kütləsinin sterilizasiyası üçün istifadə olunan bir alətdir. Notların alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
Rəqabətli sifarişin maksimal həcminə dair heç bir məhdudiyyət yox idi
Əvvəllər Bakı Fond Birjasında keçirilən hərraclar zamanı (sonuncu not hərracı 13.06.2022-ci il tarixində keçirilmişdir) hər bir bank tərəfindən ümumi 2 sifariş (1 rəqabətli və 1 qeyri-rəqabətli) daxil edilə bilərdi. Rəqabətli sifarişin maksimal həcminə dair heç bir məhdudiyyət yox idi, sadəcə rəqabətli sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalı idi. Qeyri rəqabətli sifariş isə rəqabətli sifarişin 20%-ə qədəri yerləşdirilə bilərdi.
Bir çox orta və kiçik banklar bu alətdən istafadə etmək imkanları məhdudlaşırdı
Rəqabətli sifarişin maksimal həddinə dair məhdudiyyətin olmaması yüksək likvidliyə malik olan bir neçə böyük bank tərəfindən hərrac zamanı dempinq etməklə bütün emissiyanın alışına imkan yaradırdı. Əslində günün sonunda pulların sterilizasiyası baş tuturdu, lakın bir çox orta və kiçik banklar bu alətdən istafadə etmək imkanları məhdudlaşırdı, çünki dempinq sayəsində notlar üzrə faizlər aşağı səviyyədi qalırdı və kapitalın dəyəri “cost of capital” kiçik olan banklar üçün rəqabət üstünlüyü verirdi.
Rəqabətli sifarişin maksimal həcmi ümumi emissiyanın 20% çox ola bilməz
Bugündən etibarən Bakı Fond Birjası Azərbaycan Respublikası Mərkəzi Bankının notları üzrə hərracın reqlamentinə dəyişiklik etdiyini elan etdi. Dəyişikliyə əsasən artıq bir bank tərəfindən təqdim edilən rəqabətli sifarişin maksimal həcmi ümumi emissiyanın 20% çox ola bilməz. Qeyri rəqabətli sifarişin maksimum həcmi isə əvvəlki kimi rəqabətli sifarişin 20%-dək təşkil edə bilər.
Misal üçün, bugün Bakı Fond Birjasında 28 və 84 günlük 30 mln AZN həcmində aşağıdakı parametlərlə not hərracı keçiriləcək.
Emissiya həcmi: 30 000 000 manat Nominal qiymət: 100 manat Miqdar: 300 000
Əvvəl, Rəqabətli sifarişin maksimum nominal həcmi: 30 000 000 manat; miqdarı: maksimum 300 000 ədəd təşkil edə bilərdi.
Yeni reqlamentə əsasən, Rəqabətli sifarişin maksimum nominal həcmi: 30 000 000 * 20% = 6 000 000 manat; miqdarı: maksimum 60 000 ədəd təşkil edə bilər.
Notlar banklar arasında nisbətən ədalətli bölünəcək
Qeyd olunan dəyişiklik yerli bankların likvidliyinin bərabər bölüşdürülməsi baxımından yaxşı qərardır. Nəticədə yenilənmiş şərtlərlə ən azı 5 bank notların gəlirlilik əyrisinin formalaşmasında iştirak edəcək və notlar banklar arasında nisbətən ədalətli bölünəcək.