BANK

04 Oktyabr

Mərkəzi Bankın yeni pul siyasəti qaydaları nələri dəyişib?- BAZAR İŞTİRAKÇILARINDAN AÇIQLAMA

Mərkəzi Bankın İdarə Heyətinin cari ilin avqust ayında qəbul etdiyi müvafiq qərarlarla 01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb.Artıq 1 aydan çox müddətdir ki, tətbiq olunan yeni qaydalardan sonra banklararası pul bazarının yeni göstəriciləri də açıqlanıb.

Azərbaycan Mərkəzi Bankı 1 sentyabr tarixindən banklararası pul bazarının aktivləşdirilməsinə çalışır

Mərkəzi Bankın pul siyasəti ilə bağlı yeni qaydalarının bazara  təsirlərini şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki,  “ Azərbaycan Mərkəzi Bankı 1 sentyabr tarixindən banklararası pul bazarının aktivləşdirilməsinə çalışır. Mərkəzi Bank banklararası pul ticarətində “Bloomberg” ticarət platformasından istifadə  etməyə qərar verib.  Bu qərar yalnız qısamüddətli pul bazarında əməliyyatların bu platforma vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutub.

Əvvəl bütün bu əməliyyatlar Mərkəzi Bankın vasitəçiliyi ilə aparılırdı indi "Bloomberg" platforması ilə bunlar həyata keçirilir

Mərkəzi Bankın yeni qərarının dünya təcrübəsində mövcud qaydalara uyğunluğunu açıqlayaın iqtisadçının sözlərinə görə, əslində Mərkəzi Bankın indi atdığı addımlar dünyada baş verən proseslərə uyğundur. Dünya ilə müqaisədə biz yeni bir şey etmirik. “Bu sadə vətəndaşlar məsələn kredit götürənlər yaxud bank xidmətlərindən istifadə edən vətəndaşlar ,şirkətlər üçün böyük dəyişiklik demək deyil. Real sektorun iştirakçıları qarşısında bankları görür onlar üçün ilkin mərhələdə nəzərəçarpacaq dəyişiklik yoxdur. Bu pul ticarətində banklararası likvidliyin müəyyən edilməsi üçün  dəyişiklikdir. Əvvəl bütün bu əməliyyatlar Mərkəzi Bankın vasitəçiliyi ilə aparılırdı indi "Bloomberg" platforması ilə bunlar həyata keçirilir.

Mərkəzi Bank pul bazarı işə salmaqla faiz dərəcələrinin effektivliyini artırmaq istəyir

Hazırda öllkəmizdə Mərkəzi Bank tərəfindən verilən faiz qərarlarının bazara təsirləri çox azdır desək yanılmarıq. Bu da banklararası pul bazarında aktivliyin azlığı eyni zamanda meqatənzimləyicinin bu sahədəki marağının az olduğunun göstəricisi kimi qiymətləndirlirdi. Bu qərardan sonra Mərkəzi Bank banklar arasındakı pul bazarının inkişafında maraqlı olduğunu nümayiş etdirmiş oldu. İqtisadçı Xalid Kərimli sözügedən asbektdən qərarı şərh edərək “Mərkəzi Bank pul bazarı işə salmaqla faiz dərəcələrinin effektivliyini artırmaq istəyir. Mərkəzi Bankın bu qərarı verməkdə məqsədlərindən biri də faiz siyasətinin banklararası pul bazarında effektivliyini artırmaqdır. Mərkəzi Bank istəyir ki,  bazar inkişaf etdikcə banklararası pul bazarında formalaşan faiz dərəcəsi də Mərkəzi Bankın faiz dərəcəsinə yaxınlaşsın ki, Mərkəzi Bankın faiz siyasətinin təsirləri olsun,”-deyə fikirlərini davam etdirib.

İlkin göstəricilər onu göstərir ki, bazar Mərkəzi  Bankın müəyyən etdiyi istiqamət üzrə inkişaf gedir

İqtisadçı eyni zamanda yeni qaydaların tətbiqindən sonra açıqlanan bazar göstəriciləriciləri barədə də fikirlərini bölüşərək, “Mərkəzi Bank 30 sentyabrda bazarın bu dəyişiklikdən sonrakı göstəriciləri ilə bağlı məlumatları bölüşüb.  Son bir ay ərzində baş tutan tranzaksiyalar barədə olan göstəricilər xüsusi məlumat şəklində  açıqlandı. Bu bazar ölkəmizdə yeni formalaşır açıqlanan ilkin göstəricilər onu göstərir ki,  Mərkəzi  Bankın müəyyən etdiyi istiqamət üzrə inkişaf gedir. Qərar ölkədə qısamüddətli pul bazarının inkişaf etdirilməsini planalaşdırır. Mərkəzi Bankın bankılara verdiyi uzunmüddətli  kreditləri ayrıca təlimatla tənzimləməyi nəzərdə tutur. Banklar arasında kredit münasibətləri və kredit şərtləri ilə bağlı ayrıca təlimatlar hazırlanacaq. İlkin nəticələr formalaşdığı bazarda aktivliyin tədricən artdığını göstərir.Mərkəzi Bank özü tənzimləyir nəzarət edir bankların likvidlik problemlərini də qısamüddətli qarşılayacaq və bazarın özünə gəlməsi ilə onları tənzimləyəcək.

Şəffaflığı və obyektivliyi daha da artırır

Meqatənzimləyicinin yeni qaydaları tətbiqi şəfaflıq baxımındanda bazara tövhə verəcəyini qeyd edən iqtisadçı  Xalid Kərimli “Eyni zamanda bank bazarının və pul bazarının formalaşması qısamüddətli pul tranzaksiyaların “Bloomberg” platforması üzərindən həyata keçirilməsi pulun gerçək dəyərinin formalaşmasına gətirib çıxarır.Bu dünya praktikasının Mərkəzi Bank tərəfindən ölkəmizin pul bazarında tətbiqidir. Bu qərar dünya üçün yenilik deyil Azərbaycan üçün yenilikdir. Qısamüddətli pul tranzaksiyalarında bazar prinsiplərinin istifadə olunması yaxşdır və ədalətlidir.Bu əməliyyatların beyəlxalq platforma vasitəsi ilə həyata keçirilməsi şəffaflığı və obyektivliyi daha da artırır,”-deyə bildirib.

Likvidliyi düzgün idarə edən təşkilatlar üçün yeni qərar heç bir problem yaratmır

Mərkəzi Bankın yeni qaydalarının banklara təsirləri barədə açıqlama verən “Expressbank”-ın İdаrə Heyəti sədrinin müаvini, Baş maliyyə inzibatçısı Teymur Ağakişiyev “Hələ ki,qərarın bazara təsirlərini konkret demək çətindir. Amma likvidliyi düzgün idarə edən təşkilatlar üçün yeni qərar heç bir problem yaratmır. Dəyişikliyin tətbiqi üçün də Mərkəzi Bank tərəfindən kifayət qədər zaman verilib,”-deyə bildirib.

Pul bazarı alətləri ilə ticarət həcmlərinə təsir edə bilər

Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın pul siyasəti ilə bağlı yeni qaydaları banklararası pul bazarını aktivləşdirməklə yanaşı  investisiya şirkətlərinə də təsir göstərəcək. Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri arasında ən çox bazar payına malik olan “Paşa Kapital” investisiya şirkətinin  Yerli investisiya bazarları üzrə baş mütəxəssis Elçin Məmmədov Mərkəzi Bankın ynei pul siyasəti qaydalarının bazara təsirlərini şərh edərək bildirib ki, bu qərarlar investisiya şirkətlərinin öz portfelində olan sabit gəlirli qiymətli kağızların dəyərləndirilməsinə və eyni zamanda pul bazarı alətləri ilə ticarət həcmlərinə təsir edə bilər.

Qeyd edək ki, Mərkəzi Bankın pul siyasətinin əməliyyat çərçivəsi üzrə edilmiş dəyişikliklər beynəlxalq təcrübənin və ölkənin yerli xüsusiyyətlərinin təhlili əsasında həyata keçirilib.

Müəllif: Aynur Qəniyeva