Keçən həftə pul bazarlarında yaşanan maliyyə çətinliklərində Credit Suisse baş rol oynadığı halda, son bir ildə demək olar ki, 60% dəyər itirən bankın CDS-i 15%-ə yaxın artaraq 2009-cu ildən bu yana ən yüksək səviyyəsinə çatıb.
"Fins.az" xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, bu səviyyələr batmaq riskindən çox uzaqdır, lakin bankın etibarı pisləşib.
Credit Suisse Group AG-nin yeni baş direktoru investorlardan bankı düşdüyü çətin vəziyyətdən çıxaracaq yeni dönüş strategiyasını təqdim etmək üçün 100 gündən az vaxt istəyib.
Ancaq bazarlardakı dalğalanmaları nəzərə alsaq, bu dövr xeyli uzun müddət kimi qəbul edilir.
Bəs İsveçrənin ən böyük banklarından biri olan, bankçılığın mərkəzi kimi tanınan Credit Suisse bu vəziyyətə necə gəlib? Keçən il Greensill və Archegos kimi qalmaqallarla investorların etibarını əhəmiyyətli dərəcədə zədələyən bank, Ulrich Koerner iyul ayından baş direktor təyin edildikdən sonra yeni çıxış yolu müəyyən etməyə çalışarkən bazar spekulyasiyası, istedadlı bankirlərin şirkəti tərk etməsi və kapital şübhələri ilə mübarizə aparıb.