Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard, iqtisadi aktivlikdə əhəmiyyətli bir yavaşlama gözlənilsə belə, növbəti bir neçə iclasda faiz dərəcələrinin artmağa davam edəcəyi mesajını verib.
"Fins.az" xəbər verir ki, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard faiz artımının davam etdirilməsi ilə bağlı həlledici mesajlar verib. Brüsseldə AB Parlamentində çıxış edən Laqard, "Tələbi azaltmaq və inflyasiya gözləntilərində yüksəliş risklərinə qarşı çıxmaq üçün növbəti bir neçə görüşdə faiz artımlarına davam etməyi gözləyirik" deyə qeyd edib.
Laqard inflyasiya risklərinin yüksəlişdə olduğunu və gələcək siyasət qərarlarının məlumatlardan asılı olacağını bildirib.
Rusiya-Ukrayna müharibəsi inflyasiya və enerji böhranına səbəb olduğu üçün Avropa Mərkəzi Bankı bu ay faiz dərəcələrini 75 baza bəndi artırmışdı. Lakin faiz artımının davam etməsi Avro Bölgəsinin tənəzzülə sürüklənəcəyi gözləntilərinə səbəb olur. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada bu gün açıqlanan məlumatlar iş adamlarına inamın pisləşməyə davam etdiyini göstərib.
Avropa Mərkəzi Bankı rəsmiləri isə iqtisadiyyatda zəifləmə riskinə baxmayaraq, faiz artımından heç bir geri dönüş olmayacağına dair açıqlamalar verirlər.
Müəllif:Aynur Qəniyeva