Deutsche Bank iqtisadçıları Avropaya təbii qaz nəqlinin dayandırılmasından sonra Avrozonanın əvvəlki proqnozlardan daha dərin resessiyaya girəcəyi ilə bağlı proqnozlarını bölüşüblər.
"Fins.az" xəbər verir ki, Rusiyadan “Şimal axını 1” vasitəsilə Avropaya qaz nəqlinin dayandırılmasından sonra Deutsche Bank iqtisadçıları müştəriləri ilə paylaşdıqları notda Avrozona iqtisadiyyatının gələn il 2,2 faiz azalacağını proqnozlaşdırıblar. Əvvəlki təxmin 0,3 faiz azalma idi.
Enerji daşınmalarının azalmasından ən çox təsirlənəcəyi gözlənilən Almaniya iqtisadiyyatının 4 faiz daralacağı təxmin edilir.
Davam edən tədarük zənciri problemləri, sıx məşğulluq bazarı və zəifləyən avro iqtisadiyyatdakı pisləşməni kompensasiya etdiyi üçün 2022-ci il üçün 8,2 faiz olan inflyasiya proqnozu 2023-cü il üçün 6,2 faizə endirilib.
Qurum 2023-cü ilin birinci rübünün sonunda Avropa Mərkəzi Bankının depozit faizinin 2,5 faizə yüksələcəyini gözləyir.