Cari ilin II rübündə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir göstərən əsas faktor kimi digər banklarla rəqabət və bankın mövcud və gözlənilən likvidlik mövqeyi çıxış edib.
"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair 2-ci rüb sorğusunun nəticələrində məlumat verilir.
.Məlumata görə,eyni zamanda BOKT və lombardlarla rəqabət də kredit standartlarına müəyyən yumşaldıcı təsir göstərmişdir. Sərtləşdirici təsiri əsasən inflyasiya, uçot dərəcəsi və ümumi iqtisadiyyata dair gözləntilər göstərmişdir. İqtisadiyyatın spesifik sahələri üzrə pozitiv gözləntilərin olduğu da bildirilmişdir.
Bu sahələr kimi kənd təsərrüfatı, ticarət və nəqliyyat sahəsi qeyd olunmuşdur. 2022-ci ilin I rübündən fərqli olaraq II rübdə təminatların reallaşdırılması faktoru kredit standartlarına yumşaldıcı təsir göstərmişdir.
II rüb ərzində ümumi biznes kreditlərində olduğu kimi, KOS subyektlərinə verilən kreditlər üzrə də əsas yumşaldıcı təsir edən faktorlar digər banklarla rəqabət və bankın mövcud və gözlənilən likvidlik mövqeyi olmuşdur. Biznes kreditlərinə iqtisadi gözləntilər sərtləşdirici təsir göstərsə də, həmin faktor KOS subyektlərinə verilən kreditlərə yumşaldıcı təsir göstərmişdir.
Banklar ötən rüb ilə müqayisədə təminatların reallaşdırılması faktorunun mənfi təsirinin azalaraq II rüb ərzində kredit standartlarına sərtləşdirici təsir göstərmədiyini bildirmişdir.