İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalıb.
"Fins.az" xəbər verir ki, Mərkəzi Bankı bu barədə məlumat yayımlayıb.
Ötən iclasdan bəri illik faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb.
Mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olub. Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirib.
İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil etmiş, orta illik inflyasiya isə 13.2% olmuşdur. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olub.
Məlumata görə, ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.
Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalmış, xidmət sektorunda demək olar ki, sabit qalmış, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlib.
İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib.
Müəllif: Aynur Qəniyeva