BANK

01 Sentyabr

Samir Əliyev: "Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı..."

Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı faiz dərəcələrini tədricən faiz dəhlizinə uyğunlaşdırmağa çalışır ki, sonra həmin faiz dəhlizi vasitəsilə bazara nüfuz edə bilsin.
"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankının pul siyasətindəki həyata keçirdiyi dəyişikliyi şərh edərkən iqtisadçı Samir Əliyev deyib. 
O bildirib ki, Mərkəzi Bankın açqılamasına görə, sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb.
Məlumatda deyilir ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilib.
Söhbət nədən gedir? Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır. 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9,25%) bərabərdir. 1 günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyytları isə 2021-ci ildən dayandırılıb.
Samir Əliyev repo əməliyyətları ilə bağlı dəyişikliyi şərh edərək "Bundan başqa sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7,75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7,75%-9,25%) arasındakı intervalda müəyyənləşəcəkdir. Məlumat üçün bildirim ki, 7 günlük repo əməliyyatı son dəfə 2005-ci ildə aparılıb. Əməliyyatın illik faiz dərəcəsi 9,17% olmaq həcmi təxminən 1 milyon manat təşkil edib. 7 günlük əks-repo əməliyyatının aparılması barədə rəsmi məlumat yoxdur.
Mərkəzi Bankın açıqlamasında qeyd edilir ki, 1, 3, 6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaqdır. Mərkəzi Bank bazarda daha çox 28 günlük və 1 illik notları buraxırdı və onların illik faiz dərəcəsi faiz dəhlizinin aşağı həddi əsasında müəyyənləşdirilirdi. Sonuncu notlar 28 günlük buraxılıb və faiz dərəcəsi 6.26%, həcmi isə 630 milyon manat olub."-deyə bildirib. 
Samir Əliyev bildirib ki, Mərkəzi Bankın bu addımının kökündə uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini artırmaq məqsədi güdür. Çünki dövri olaraq uçot dərəcəsinin dəyişdirilməsi kredit bazarında hiss edilmir. Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı faiz dərəcələrini tədricən faiz dəhlizinə uyğunlaşdırmağa çalışır ki, sonra həmin faiz dəhlizi vasitəsilə bazara nüfuz edə bilsin.
Xatırladım ki, REPO qiymətli kağızların satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat Mərkəzi Bank tərəfindən pul təklifinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-REPO isə qiymətli kağızların alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri qaytarılmasını nəzərdə tutan əməliyyatdır. Mərkəzi Bank tərəfindən əks-REPO-nun tətbiq olunmasında məqsəd pul təklifinin qısamüddətli artırılmasıdır.
 
Müəllif: Aynur Qəniyeva