BANK

31 Avqust

Azərbaycanda depozit və əks-repo əməliyyatlarının aparılmasına başlanılıb

Azərbaycan Mərkəzi Bankı daimi imkan alətləri olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının aparılmasına başlayıb.

Fins.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi məqsədilə 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə bərabərdir.

Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi çərçivəsində sterilizasiya məqsədilə zəruri halda 1, 3, 6 və 9 aylıq notlarla yanaşı 7 günlük repo hərraclarının keçirilməsi nəzərdə tutulur. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq zəruri hallarda 7 günlük əks-repo hərraclarının keçirilməsi planlaşdırılır. 7 günlük repo əməliyyatları üzrə faizlərin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasındakı intervalda tənzimlənməsi nəzərdə tutulur. 7 günlük əks-repo əməliyyatlarına görə faizlər uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşəcək. 1, 3, 6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaq. Pul bazarı, xüsusilə də banklararası bazardakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.