2022-ci ilin əvvəlindən etibarən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 230,7 milyon manat məbləğində ipoteka krediti verilib.
Fondun məlumatına görə, 2022-ci ilin əvvəlindən İKZF-nin vəsaitindən 3 minə qədər ipoteka krediti verilib.
Bütövlükdə, indiyədək İKZF-nin vəsaitindən 39,7 mindən artıq Azərbaycan vətəndaşına 2 milyard 227 milyon manat ümumi məbləğində ipoteka krediti verilib.
2021-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 356,2 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.