Hazırda dövriyyədə olan ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödəniş texnologiyasını dəstəkləyir.
"Fins.az" xəbər verir ki, bunu Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov deyib.
O bildirib ki, təmassız ödənişlər üzrə yüksək artım tempi ilk növbədə təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə əlaqədardır. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 70%-i, POS-terminalların isə 82%-i təmassız ödəniş texnologiyasını dəstəkləyir. Təbii ki, sözügedən ödənişlərindən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır.
Mərkəzi Bank rəsmisinin sözlərinə görə, xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan verir. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verməkdədir.