BANK

25 İyul

 Ani Ödənişlər Sisteminin hansı əsas üstünlükləri var?

Ani Ödənişlər Sistemi (AÖS) ölkədə fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir.

"Fins.az" xəbər verir ki,bunu  Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük  mütəxəssisi Rəşad Qasımov deyib.

O bildirib ki, sistem, eyni zamanda, istifadəçilərə hesablaşmaların FİN, VÖEN, mobil nömrə, elektron poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılması funksionallığını təqdim edir. Sistemin “AniPay” mobil tətbiqi və internet səhifəsi (www.anipay.az) vasitəsilə açıq bankçılıq konsepti əsasında istifadəçilərə bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı da yaradılmışdır. Qeyd edək ki, hazırda 24 bank AÖS-ə inteqrasiya olunmuşdur və istifadəçilər “AniPay” mobil tətbiqi və portalı ilə yanaşı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə ödəniş əməliyyatlarını 24/7 rejimində həyata keçirə bilərlər.